03.11.2009-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "UNUTQANLIĞA SON DEYƏK" layihəsi çərçivəsində Quba şəhər, Azad Məmmədov adına 2 №-li təbiət fənnləri təmayüllü liseydə tədbir keçirilmişdir. Tədbirdə “UNUTQANLIĞA SON DEYƏK” layihəsinin işçi qrupu, Quba rayon İcra Hakimiyyətinin İctimai təşkilatlar və siyası partiyalarla iş şöbəsinin məsləhətçisi Muradov Rizvan, Azərbaycan Vətən müharibəsi İctimai Birliyinin Quba rayon şöbəsinin sədri İsmayıl Babayev, Böyük Vətən müharibəsi və Əmək Veteranları şurasının Quba rayon şöbəsinin sədri Ələsgər Qubatov, Quba şəhər Azad Məmmədov adına 2 №-li təbiət fənnləri təmayüllü liseyin direktoru Camalov Eynulla, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Quba rayon filialının sədri Elmar Məlikov və 40 nəfərə yaxın 11-ci sinif şagirdləri iştirak etmişdir. Məktəbin direktoru Camalov Eynulla toplantını açıq elan edərək sözü layihənin rəhbəri, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədr müavini Əbülfət Hüseynova verdi. Layihənin rəhbəri geniş şəkildə çıxış edərək keçmişimizin yaddan çıxmaması üçün Azərbaycanlı oğlanların Əfqanıstan müharibəsindəki iştirakından və qapı bir düşmənimiz ermənilərin tarix boyu başımıza açdığı bəlalardan danışdı.
Tədbirdə iştirak edən digər qeyri-hökumət təşkilatlarının nümayəndələri mövzu ətrafında geniş şəkildə çıxış edərək öz döyüş xatirələrindən danışdılar, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayan belə tədbirlərin respublikamızın bütün rayonlarında keçirilməsini tövsiyə etdilər.
Quba şəhər, Azad Məmmədov adına 2 №-li təbiət fənnləri təmayüllü liseyin direktoru Camalov Eynulla çıxış edərək belə bir tədbirin onun rəhbərlik etdiyi liseydə keçirildiyi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, Quba rayon İcra Hakimiyyətinin rəhbərliyinə, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin layihəni həyata keçirən işçi qrupuna və tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.
Tədbirdən sonra layihənin işçi qrupu erməni qatillərinin əli ilə vəhşicəsinə qətlə yetirilmiş, Quba şəhərində aşkar olunmuş kütləvi məzarlığı ziyarət etmiş və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin adından xatirə kitabına öz ürək sözlərini yazmışdır.
Xəbəri hazırladı: "Mübarizə" qəzetinin müxbiri-İsmayılova Vəfa.